"Bizim Maqsud müəllim” film-tamaşası nümayiş olunub

21:31 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Sarayında Xalq yazıçısı Maqsud İbrahimbəyovun yaradıcılığına həsr olunmuş “Bizim Maqsud müəllim” film-tamaşasının premyerası olub. Layihə Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayı və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin iştirakı ilə həyata keçirilib.

Hafta.az xəbər verir ki, layihə görkəmli yazıçı, dramaturq və kinossenarist Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilir.

Səhnə əsərində Maqsud İbrahimbəyovun yaradıcılığı əsasında uşaqlıqdan hər kəsin sevdiyi qəhrəmanlar yeni təqdimatda tamaşaçıların qarşısına çıxıblar. Tamaşa Azərbaycan kinosunun “Qızıl fondu”na daxil olan “Uşaqlığın son gecəsi” və “Bizim Cəbiş müəllim” bədii filmlərindən elementlərin, eləcə də müxtəlif ekran əsərlərindəki personajları bir araya gətirən bədii təxəyyül məhsulu olan yeni səhnələrin sintezi üzərində qurulub.

Kinokamera səhnədə baş verənləri çəkir, real vaxt görüntüsü isə böyük ekranda yayımlanır. Tamaşaçılar yaddaqalan epizodların yenidən canlandığını, yeni səhnələrin necə yaradıldığını müşahidə edirlər.

Rejissor çəkiliş prosesinə rəhbərlik edir, aktyorlar personajlarının motivasiyasını anlamağa çalışır və hamısı birlikdə bu yaradıcı aləmdə müəllifin özünü - Maqsud İbrahimbəyovu axtarırlar. Onlar onu qəhrəmanların xarakterlərində tapırlar, onların həyat hekayələrini tamamlayırlar və personajların taleyini daha dərindən açan yeni epizodlar yaradırlar.

Tamaşada Taleh Yüzbəyov, Rumiya Ağayeva, Şövqi Hüseynov, Qüdrət Fətulla, Rafael İsgəndərov, Günəş Mehdizadə, Ramin Şıxəliyev, Fərhad Səmimi, Nurlan Süleymanlı, Murad Məmmədov, Aytac Hacıyeva və digələri, eləcə də Xalq artisti, tanınmış pianoçu Salman Qəmbərovun rəhbərliyi ilə musiqi kollektivi iştirak ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, dramaturqu İsmayıl İman, rəssamı Çingiz Babayev, kinooperatoru Tatyana Şurqalina, səs operatoru Platon Soldatovdur.